Azərbaycan Tennis Federasiyası 2023-cü ilə uğurla yekun vurdu - HESABAT

2024-cü ilin ilk günüdür. Yeni ildə Azərbaycan Tennis Federasiyasının bir çox daxili və beynəlxalq yarışları olacaq. 2023-cü il isə ümumən federasiyamız üçün düşərli oldu.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş payız kuboku, yeniyetmələr arasında Avropa Tennis Turnirləri layiqincə təşkil edildi. Ötən ilin böyük uğurlarından biri Monteneqroda qeydə alındı. "Davis Cup" turnirində Azərbaycan komandası Ermənistan millisinə qalib gəldi. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəldi. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur oldu.

Azərbaycan Tennis Federasiyası aşağı yaş qruplarının inkişafı üçün xeyli yarışlar və məşqlər təşkil etdi. Bundan başqa Bakı Tennis Akademiyasında Dünya Tennis Turu çərçivəsində "W15 Baku" turniri, BTA birinciliyi və Azərbaycan çempionatı da uğurla keçirildi. Qalib və mükafatçılar Azərbaycan Tennis Federasiyası tərəfindən mükafatlandırıldı.

Eyni zamanda Azərbaycan Tennis Federasiyasının təşəbbüsü və Bakı Tennis Akademiyasının dəstəyilə daha bir möhtəşəm addım atıldı. Belə ki, uşaq evlərinin sakinləri Bakı Tennis Akademiyasının qonağı oldu. Qayğıya ehtiyacı olan uşaqlarla müxtəlif əyəncəli oyunlar keçirildi. Həmçinin uşaqlara tennisin qaydaları öyrədildi.
Padel tennis kortunun fəaliyyətə başlaması da Azərbaycan Tennis Federasiyasının bu növü təbliğ etmək üçün atdığı addımlardan biri oldu. Bolqarıstanlı peşəkar tennis ve padel məşqçisi Vasko Mladenovun Azərbaycanda fəaliyyətə başlaması tennisin inkişafı üçün göstərilən səylərdən biri oldu.

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev Bakı Tennis Akademiyasının fəaliyyəti ilə tanış oldu, burada yaradılan şəraiti yüksək qiymətləndirdi.

Azərbaycan Tennis Federasiyası 2023-cü ilə tennis üzrə Azərbaycan çempionatı ilə yekun vurdu.

Bütün bunları nəzərə alaraq, demək olar ki, 2023-cü il Azərbaycan tennisi üçün uğurlu oldu. Bu nailiyyətlərimizi yeni ildə də davam etdirəcəyimizə inanırıq.